Dəli könül / Xəstə qasım,ın şeirləri
Yaxşıdır
Dəli könül, məndən sənə əmanət,
Demə, bu dünyada qalım yaxşıdı.
Bir gün olar qohum, qardaş yad olar,
Demə, ulusum var, elim yaxşıdı.
Bir məclisə varsan, özünü öymə,
Şeytana bac verib kimsəyə söymə,
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.
Qoçaqdan olubsan, qoçaq olgunan,
Qadadan, baladan qaçan olgunan.
Aşıq ol, comərd ol, alçaq olgunan,
Demə, varım çoxdu, pulum yaxşıdı.
Xəstə Qasım kimə qılsın dadını,
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.
Dünya
Gəl bir səndən xəbər alım,
Süleymandan qalan dünya.
Əvvəlin gəl-gəl eyləyir,
Axrın olub yalan, dünya.
De görüm nəyə talıbsan,
Dərsini kimdən alıbsan.
Səksən min yol boşalıbsan,
Doxsan min yol dolan dünya.
Xəstə Qasım qalıb naçar,
Sir sözünü kimə açar?
Gələn qonar, qonan qaçar,
Kimdi səndə qalan, dünya.
Ay hayıf-hayıf
(cığalı təcnis)
Səhər tezdən əzmi-gülşən eylədim,
Qəm məni çulğadı, ay hayıf-hayıf.
Aşıq deyər, ay hayıf!
Kimlər oldu, ay hayıf!
Səniynən mən sevişdim,
Ayrı düşdüm ay, hayıf.
Bağban oldum, bağ bəslədim, çifayda,
Dərmədim güllərin, ay hayıf-hayıf!
Sərrafın dəstində nə danə gördüm,
Mürcü dəhanında nə danə gördüm.
Aşıq, nə danə gördüm,
Xalın nə danə gördüm,
Tülək tərlan tuş oldu
Axır nadənə, gördüm.
Gövhəri verdilər nadanə gördüm,
Bilmədi qiymətin, ay hayıf-hayıf.
Oxudum dərsimi, çıxdım yasinə,
İyid olan İxlas bağlar Yasinə!
Aşıq deyər, yasına,
Namərd boynu ya sına
Nanəcibə söz demə,
Ya inciyə, ya sına!
Qasım ölər ellər gələr yasına,
Eşidənlər deyər, ay hayıf-hayıf.
Üzhaüz
(cığalı təcnis)
Həqiqət bəhrində qəvvasam deyən,
Qəvvas isən, gir dəryaya üzhaüz.
Aşıq deyər, üzhaüz,
Sonam göldə üzhaüz.
Qarı düşmən dost olmaz,
Yalvarasan üzhaüz.
Bir mərd ilə ilqarını vur başa,
Namərd ilə kəs ülfəti üzhaüz.
Parçalandı gəmim, qaldı dərində,
Qərq oldu ümmana, qaldı dərində,
Aşıq deyər, dərində,
Dayazında, dərində,
Sidqi, qəlbi düz olan,
Hərgiz qalmaz dərində.
Qismət olsa o mövlanın dərində,
Üz döşəyək, səcdə qılaq üzhaüz.
Xəstə Qasım cananına can deyə,
Can danışa, can eşidə, can deyə.
Aşıq deyər, can deyə,
Vəfalıya can deyə,
Görmədim hərcayılar,
Cananına can deyə.
Yox vəfalı, can deyənə, can deyə,
Bivəfasan, çək əlini üzhaüz
qaynaq: kulis.az